WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 21 mart - Beynəlxalq Meşələr Günü münasibətilə Bakı şəhəri Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bu, ekoloji təşəbbüslərin təşviqinə və ətraf mühitin qorunmasına yönəlib. Ümumilikdə isə WUF13 çərçivəsində 5000 ağacın əkilməsi planlaşdırılır.
Aksiyada WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər iştirak edərək, sağlam şəhər mühitinin formalaşdırılmasına öz töhfələrini veriblər.